“Barselona”nın yeniyetmə ispaniyalı cinah hücumçusu Lamin Yamal argentinalı ulduz hücumçu Lionel Messi ilə müqayisəsini cavablayıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, yeniyetmə futbolçunun bu barədə qənaətini təqdim edir:
“Mən özüm olmağa çalışıram. Görünür, Messi, mən həmişə dediyim kimi, tarixdəki ən yaxşı oyunçudur, mənim onunla müqayisəm isə, işimin öhdəsindən gələ bilməyim deməkdir. Amma mən öz yolumla getməyə çalışıram, hər şeyi “Barselona” naminə verməklə öz yolumu çəkirəm”, deyə Yamal vurğulayıb.
Yamal “blauqrana”nın heyətində görmək istədiyi futbolçunun adını da açıqlayıb:
“Barselona”nın müqavilə imzalamasını istədiyim bir oyunçu? Siz, mənim, Neymarın adını çəkəcəyimi gözləyirsiniz, amma mən, Musiala deyəcəyəm… Təəssüf ki, onun qüvvədə olan müqaviləsi var”.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 11 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 83 oyun, 18 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


