Latviya Futbol Federasiyası (LFF), İsveç Futbol İttifaqı (SvFF) və Danimarka Futbol İttifaqı (DBU) Rusiyaya qarşı mövqe tutublar.
Arena.az məlumat verir ki, adı çəkilən qurumlar UEFA-nın müvafiq qərarı ilə beynəlxalq turnirlərə neytral statusda qayıtmaq imkanı verilmiş Rusiyanın yeniyetmələr komandaları ilə oyunları boykot elan ediblər.
Latviya Futbol Federasiyası müvafiq mövqeyini qurumun rəsmi saytı üzərindən bəyat edib:
“Latviya Futbol Federasiyası təsdiq edir ki, Latviyanın futbol üzrə bütün səviyyələrdə yığma komandaları bu cür oyunların keçirildiyi yerdən və Rusiya idmançılarının təqdimat formasından asılı olmayaraq, Rusiya komandalarına qarşı oynamayacaqlar. Bu, bizim Ukraynaya dəstək verən qəti mövqeyimizlə ziddiyyət təşkil edir və bu mövqe silahlı münaqişə bitənə qədər qüvvədə qalacaq.
Bizim federasiyamız ukraynalı həmkarlarımızı dəstəklədiyini bir daha təsdiqləyir. Həmçinin federasiya bu cür oyunların keçirilməsi ilə bağlı Latviya qanunvericiliyində müəyyən edilmiş prosedurlara və bu cür idman komandalarının Latviya ərazisinə buraxılmasına qoyulan məhdudiyyətlərə tam əməl edir”, – Latviya Futbol Federasiyası rəsmi mövqeyini açıqlayıb.
İsveç Futbol İttifaqının sədri Fredrik Raynfeldt də ölkəsinin futbol komandalarının Rusiyadan olan komandalarla rəqabət aparmaq niyyətində olmadığını bildirib:
“Rusiya komandaları ilə heç bir yarışa qatılmayacağıq. Biz Rusiya komandaları ilə rəqabət aparmaq fikrində olmadığımızı bəyan etmişik və bildirməkdə də davam edirik. Bu, bizim, Danimarka və İngiltərə federasiyaları üst-üstə düşən mövqeyimizdir”, – “Expressen” dərgisi Fredrik Raynfeldtdən sitat gətirir.
Danimarka Futbol İttifaqının mətbuat xidmətinin rəhbəri Yakob Hoyer qurumun rəsmi mövqeyini bəyan edib:
“Yaşdan asılı olmayaraq, Danimarka yığması ilə Rusiya yığması arasında oyunları görməyəcəyik. Mən bunu vurğulamaq istərdim. Danimarka Futbol İttifaqının mövqeyi həmişə olduğu kimi qalır.
Avropa futbolunda bu mövzuda müxtəlif fikirlər var. Avropa futbol assosiasiyaları bir ağızdan danışmırlar. Çoxlu mövqelər mövcuddur”, – Danimarkanın “Tipsbladet” jurnalı Hoyerdən ilk olaraq sitat gətirir.
UEFA-nın müvafiq qərarına rəsmi etirazını nümayiş etdirmiş daha bir qurumun Litva Futbol Federasiyası (LFF) olduğu məlum olub.


