UEFA Çempionlar Liqasının yarımfinalının “Barselona” ilə cavab oyunu “İnter”in hücumçusu Lautaro Martines üçün əlamətdar olub.
Arena.az xatırladır ki, “Barselona” səfərindən 3:3 hesablı heç-heçə ilə qayıtmış “neradzurri” “Cüzeppe Meatsa”dakı dramataik oyunu 4:3 (əsas vaxt 3:3) hesabı ilə qazanıb.
“İnter” birinci hissədə 2:0 hesablı üstünlüyünü əldən verərək 2:3 hesablı məğlub vəziyyətə düşüb, 90+3-cü dəqiqədə bərabərliyi yaxalayıb, əlavə vaxtın birinci hissəsində isə qələbə qolunu “blauqrana”nın qapısından keçirib.
Oyunda hesabı 21-ci dəqiqədə “İnter”in kapitanı, 27 yaşlı argentinalı mərkəz hücumçusu Lautaro Martines açıb. Bu, Martinesin yarışın cari mövsümündə vurduğu 9-cu qol olub.
Beləliklə, Martines Çempionlar Liqasının bir mövsümü ərzində vurulmuş qolların sayına görə “neradzurri”nin argentinalı keçmiş hücumçusu, Ernan Kresponun rekorduna şərik olmaqla, müvafiq göstəricidə “İnter”in ən sərrast qolçusu adını həmvətəni ilə bölüşür.
Krespo müvafiq rekorda 2002/2003-cü illər mövsümündə imza atmışdı. Göründüyü kimi, Lautaro mütləq rekordçu ünvana sahib ola bilər, yetər ki, Martines final oyununda bircə qol vursun.
Xatırladaq ki, finala yüksəlmiş “İnter” həlledici oyunda bu gün keçiriləcək PSJ – “Arsenal” (ilk oyun 1:0) cütünün qalibi ilə qarşılaşacaq.
Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.
Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.
Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 48 oyuna çıxıb, 22 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 330 oyun, 151 qol, 50 məhsuldar ötürmədən ibarətdir.
Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 95 milyon avro məbləğində qiymətləndirir.


