Kabo Verde yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 29-cu tura təsadüf edib.
Kabo-verdeli futbolçu “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb, 38 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Andrade Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.
Qeyd edək ki, “Qarabağ” Leandro Andradenin yubiley oyununda 1:0 hesablı qələbə qazanıb.
Leandro Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Onun Ağdam klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.
Leo Ağdam klubunun heyətində bütövlükdə 154 oyun keçirib. O, bu oyunlarda 40 qola imza atıb, 48 assist müəllifi olub. Leandro “Qarabağ”ın heyətində üç dəfə (2021/2022, 2022/2023, 2023/2024) Azərbaycan çempionu, iki dəfə (2021/2022, 2023/2024) ölkə kubokunun qalibi olub.
Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığma komandasında da 7 oyun keçirib, lakin məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


