Növbəti mövsümdə futbol üzrə İtaliya A Seriyasında mübarizə aparacaq 2 klubun adına aydınlıq gəlib. Arena.az xəbər verir ki, “Leççe” və “Kremoneze” yeni mövsümdən yüksək liqada oynayacaqlar.
Ötən gecə başa çatan B Seriyasında mövsümünün nəticələrinə görə, “Leççe” 71 xalla çempion olub, “Kremoneze” isə 69 xalla ikinci yeri tutub. Nəticədə komandalar elitaya birbaşa vəsiqə qazanıblar.
A Seriyasında çıxış edəcək daha bir komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək. Pley-offda bu klublar mübarizə aparacaqlar: “Piza” (67 xal, 3-cü yer), “Monza” (67 xal, 4-cü yer), “Breşiya” (66 xal, 6-cı yer), “Askoli” (65 xal, 6-cı yer), “Benevento” (63 xal, 7-ci yer), “Peruca” (58 xal, 8-ci yer).
Xatırladaq ki, “Leççe” sonuncu dəfə A Seriyasında 2019/20 mövsümündə, “Kremoneze” isə 1995/96 mövsümündə çıxış edib.
Bu mövsüm A Seriyasını tərk edən komandalardan isə biri məlumdur. 22 xalla sonuncu pillədə olan “Venesiya” yüksək liqanı tərk edəcək. Digər namizədlər isə “Kalyari” (28 xalla 19-cu), “Cenoa” (28 xalla 18-ci), “Salernitana” (29 xalla 17-ci), “Spesiya” (33 xalla 16-cı) və “Sampdoriya”dır (33 xalla 15-ci).


