“Legiya” Mahir Emrelinin dublu sayəsində qalib gəldi

Polşanın “Legiya” klubu yeni mövsümə hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi bu komanda digər Polşa klubu “Yagelloniya” ilə üz-üzə gəlib.

Qarşılaşma geridə qalan mövsümü çempion kimi bitirmiş “Legiya”nın qələbəsiylə yekunlaşıb – 2:0. Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu Emreli vurub. O, 11 və 22-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Mahir Emreli bununla da “Legiya” klubuna transferindən sonra vurduğu qolların sayını 6-ya çatdırıb. O, daha əvvəl Avstriya “Bişofshofen”ini 5:0 udduqları matçda het-trik etmişdi. Rusiya “Krasnodar”ı ilə 1:1 hesablı heç-heçədə də Varşava təmsilçisinin yeganə qolunu azərbaycanlı hücumçu vurmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: