Lionel Messi ağır zədələnmiş Neymara dəstək nümayiş etdirdi

“İnter Mayami”nin argentinalı superulduzu Lionel Messi ciddi zədə almış braziliyalı hücumçu Neymara mənəvi dəstəyini nümayiş etdirib.

Arena.az məlumat verir ki, “Leo” Neymarla birlikdə fotoşəklini özünün sosial şəbəkə hesabları üzərindən paylaşaraq, “Sənə çoxlu güc arzulayıram” yazısı ilə dərc edib.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvayla oyunda (0:2) aldığı ağır zədə səbəbindən, uzun müddət futboldan kənarda qalacaq.

Neymarın Uruqvayla oyunda aldığı zədə çox ciddidir. Buna qədər də futbolçu yüngül zədədən əziyyət çəkirdi. İlkin məlumata görə braziliyalı superulduz 2023-cü ildə bir daha yaşıl meydanlara çıxa bilməyəcək. Neymarın ön çarpaz bağ zədəsi və dizində menisk yırtığı olduğu təsdiqlənib. Məşhur futbolçu əməliyyat ediləcək və sonra uzun bir müalicə proqramı çərçivəsində bərpa kursu keçməli olacaq.

Braziliyalı futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Neymar geridə qalmış 2022/2023 mövsümündə mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna 18 qol vurub, 17 məhsuldar ötürmə verib və Fransa çempionatını qazanıb.

Cari mövsümdə Neymar “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: