Argentina milli komandasının və “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi futbol tarixində daha bir yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, 38 yaşlı hücumçu buna Argentina millisinin Puerto Riko yığmasına 6:0 hesabıyla qalib gəldiyi yoxlama matçında 2 məhsuldar ötürmə verməklə nail olub.
Yığmadakı assistlərinin sayını 63-ə çatdırmış ulduz forvard milli komandalarda bunu ən çox bacaran oyunçu adına sahib çıxıb.
Braziliyalı Neymar və ABŞ-dən olan Lendon Donovan (hər ikisi 58 assist) növbəti sıralarda qərarlaşıblar.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 42 oyuna 34 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 81 oyun, 68 qol və 36 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 195 oyun keçirib, 114 qol vurub və 63 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.


