“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi karyerasını nə zaman bitirəcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az “Marca” nəşrinə istinadən Messinin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Əvvəlcə də demişdim ki, gələcəyə baxmıram. Mən bu günü yaşamaq istəyirəm. Fiziki cəhətdən indi əla vəziyyətdəyən. Daha nə qədər oynayacağım barədə dəqiq cavab verə bilmərəm. Daha bacara bilməyəcəyimi hiss edənə qədər meydana çıxmaq niyyətindəyəm”, deyə “Leo” bildirib.
Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


