Lionel Messi Paris Yay Olimpiya Oyunlarında oynamayacaq?

“İnter Mayami”nin və Argentina yığmasının hücumçusu Lionel Messi 2024-cü il Paris Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini etiraf edib.

Arena.az ESPN portalının Argentina şöbəsinə istinadən, ulduz futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mən Maskerano ilə (Argentina U-23 yığmasının baş məşqçisi – redaktorun qeydi) danışdım və həqiqət budur ki, hər ikimiz vəziyyəti dərhal başa düşdük. Çətindir, çünki Amerika Kuboku başlayır və mən iki-üç ay “İnter Mayami”dən uzaq qalmalı olacağam. Ən əsası isə, mənim yaşımda, oynamaq üçün məqamları diqqətlə seçmək gərəkdir, ardıcıl iki yarış həddən artıq çoxdur”, deyə “Leo” vurğulayıb.

Xatırladaq ki, 2024-cü il Paris XXXIII Yay Olimpiya Oyunları cari ilin iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçiriləcək.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 181 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.