Lionel Skaloni 2026-cı ilədək Argentina yığmasında qalacaq!

Futbol üzrə Argentina milli komandasının baş məşqşçisi Lionel Skaloni federasiyanın yeni müqavilə təklifini qəbul edib. Arena.az xəbər verir ki, 44 yaşlı postunda qalmağa qərar verib.

O, federasiya ilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalayıb. Bu barədə Argentina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə Skaloninin DÇ-2026-da da milli komandaya rəhbərlik edəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, tərəflər arasındakı müqavilənin müddəti bu il başa çatırdı. Amma Qətərdəki dünya çempionatında qazanılmış zəfərdən sonra onun postunda qalacağı şübhə doğurmurdu.

Lionel Skaloni 2018-ci ilin avqust ayından Argentina yığmasına rəhbərlik edir. O, bu komandanı bütövlükdə 57 oyuna çıxarıb. Yığma bu görüşlərdə 40 qələbə qazanıb, 12 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb. Gənc mütəxəssis Argentina yığmasına 28 il sonra ilk dəfə Amerika kuboku, 36 il sonra isə dünya çempionluğu sevinci yaşadıb. O, bu komandanı ötən il Finalissimanın da qalibi edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: