“Liverpul” Macarıstan yığmasının və “Leypsiq”in hücumameyilli yarımmüdafiəçisi Dominik Soboslaini heyətinə qatmağa lap yaxındır.
Arena.az bu barədə “The Athletic”in jurnalisti David Ornşteynə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, ilk vaxtlarda İngiltərə klubunun 22 yaşlı yarımmüdafiəçi uğrunda mübarizədə uğur qazanmaq şansı az olsa da, son günlərdə vəziyyət kəskin şəkildə dəyişib. Klublar arasında danışıqlar müsbət məcra alıb. “Leypsiq”lə daha bir razılaşma “Liverpul” rəhbərliyinin bu sövdəni gerçəkləşdirmək istiqamətində inamını artırıb: almanlar “qırmızılar”ın yarımmüdafiəçisi Fabio Karvalyonu icarəyə götürürlər.
2022/2023 mövsümündə Dominik Soboslai “Leypsiq”in heyətində 46 oyun keçirib, 10 qol vurub, 13 məhsuldar ötürmə verib.
Soboslainin “Leypsiq”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Dominik Soboslaini 50 milyon avro məbləğində qiymətləndirir.


