Futbol üzrə Şimali İrlandiya yığmasının və İngiltərə çempionu “Liverpul”un sağ cinah müdafiəçisi Konor Bredli uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu İngiltərə Premyer Liqasında “Arsenal”la baş tutan (0:0) matçda aldığı zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub. Klub yaxın günlərdə əməliyyat olunacaq futbolçunun yaşıl meydanlara qayıtması ilə bağlı açıqlama verməyib. İlkin məlumata görə, müdafiəçi cari mövsümdə komandasına kömək edə bilməyəcək.
Bredli bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Sent Patriks” və “Dunqannon Svifts” klublarının yetirməsi olan Konor Bredli 2019-cu ildən “Liverpul”un sistemindədir. O, 2022/2023-cü illər mövsümündə “Bolton”da icarədə də olub.
2023-cü ildən “Liverpul”un əsas komandasında çıxış edən Bredli bütövlükdə 78 oyuna çıxıb, 1 qol və 13 məhsuldar ötürmə müəllifi olub.
Futbolçunun “Liverpul”la hazırkı müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.
Bredli 2021-ci ildə debüt etdiyi Şimali İrlandiya yığmasının heyətində 30 oyuna çıxıb, 4 qol vurub.
“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Liverpul” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir. Bu komandalar arasındakı qarşılaşma yanvarın 28-də İngiltərədə baş tutacaq.


