İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti AÇ-2024-ün seçmə mərhələsinin İtaliya – Ukrayna oyunundakı (0:0) məlum məqama dair danışıb.
Arena.az xatırladır ki, oyunun əsas vaxtına əlavə edilmiş 3-cü təzminat dəqiqəsində (90+3) ukraynalı vinger Mixaylo Mudrik italiyanların cərimə meydançasında rəqib yarımmüdafiəçi Brayan Kristantenin təmasından sonra yerə sərilsə də, hakim penalti təyin etməmişdi.
Müvafiq məqam mətbuatda ciddi əks-səda doğurub. “Napoli”nin prezidenti Aurelio De Laurentis bu barədə danışaraq, İtaliya yığmasının Ukrayna millisini qarət etdiyini açıq şəkildə bildirmişdi.
Luçano Spalletti çalışdırdığı kollektivin ünvanına yönəlmiş, mənfi təəssürat oyadan müvafiq fikrə cavab verməyi özünə borc bilib:
“Biz heç nə oğurlamamışıq. Ola bilər ki, bu oyunda qalib gəlməyə layiq deyildik, amma Avropa çempionatına vəsiqə qazanmağa layiq idik.
Mudrikə görə penalti? Bu məqam mübahisəli ola bilər, amma çoxlarının bunu təqdim etmək istədiyi qədər açıq deyil. Təəssüf ki, bu məqam bizim nailiyyətlərimizin dəyərini azaltmaq üçün istifadə edilir”, deyə italyan mütəxəssis bildirib.
Ukraya yığması ilə “quru” oyun (0:0) sayəsində İtaliya yığması 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəsini təmin edə bilib. 8 turdan sonra italyanlar 14 xal toplayaraq, “C” qrupunda 2-ci olublar. Ukrayna yığması isə italyanlarla eyni miqadarda, 14 xal toplayaraq 3-cü pillədə qərarlaşıb və UEFA Millətlər Liqasının nəticələrinə görə, vəsiqə qazandığı pley-offda Avropa çempionatına vəsiqə uğrunda mübarizə aparacaq. İngiltərə yığması isə 20 xalla qrupu lider olaraq tamamlayıb.


