Luka Romero “Latsio”nu “Milan”a dəyişdi

İtaliyanın “Latsio” klubunun argentinalı cinah yarımmüdafiəçisi Luka Romero azad agent qismində “Milan”a keçəcək.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, bütün sənədlər cümə axşamı, iyunun 29-da imzalanıb. “Milan” istedadlı gənc yarımmüdafiəçi ilə 4 illik müqaviləni razılaşdırıb.

Xatırladaq ki, Luka Romero 2021-ci ilin yayından “Latsio”nun uğurları üçün çalışırdı. O, 2022/2023 mövsümündə paytaxt klubunun heyətində 12 oyuna çıxıb, 1 qol vurub. Yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran futbolçu “Latsio”da bütövlükdə 21 oyun keçirib, 1 qolla yadda qalıb. Argentinalı vinger daha öncə İspaniyanın “Malyorka” klubunun əsas komandasında da 9 oyun keçirib, 1 qol vurub.

Romeronun “Latsio” ilə müqaviləsinin müddəti bu gün bitir.

“Transfermarkt” internet-portalı Luka Romeronu 3 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl “Milan”ın daha bir yarımmüdafiəçi – Ruben Loftus-Çiklə də müqaviləni razılaşdırdığı məlum olmuşdu. Milanlıların tezliklə bu iki futbolçunun transferini rəsmən açıqlaması gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: