“Əl-İttihad” “Liverpul”un misirli sağ vingeri Məhəmməd Salah ilə ciddi maraqlanır və yayda transferi gerçəkləşdirməyə hazırdır.
Arena.az “The Athletic” dərgisinə istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanı klubu Salahın razılıq verəcəyi halda müvafiq transfer müqabilində 200 milyon funt-sterlinq (təxminən 234 milyon avro) ödəməyə hazırdır.
Beləliklə, “Liverpul”un Salahı satması yeni transfer rekordunu müəyyənləşdirə bilər. Hazırda dünya futbol tarixinin ən bahalı transferi Neymarın 222 milyon avro müqabilində “Barselona”dan PSJ-yə transferidir.
Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi Salahın “Roma”dan transferi üçün 42 milyon avro məbləğində xərc çəkib. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 27 oyuna 18 qol vurub, 9 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 332 oyun, 204 qol, 88 məhsuldar ötürmə.
Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 96 oyun keçirib, 54 qol vurub, 32 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı misirli vingerin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.


