Çempionlar Liqasının 1/4 finalının “Arsenal”la ilk oyununda 0:3 hesablı məğlubiyyət Madrid “Real”ı üçün antirekordla əlamətdar olub.
Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, “qaymaqlılar” 2009-cu ilin mart ayından bəri, UEFA Çempionlar Liqasının ardıcıl iki oyununda qol vura bilməyiblər.
O vaxt mötəbər yarışın 1/8 final mərhələsində, ispan mütəxəssis Xuande Ramosun çalışdırdığı “Real” “Liverpul”a ümumi hesabda 0:5 hesabı ilə məğlub olmuşdu – evdə 0:1, səfərdə 0:4.
Xatırladaq ki, “Real” cari mövsümdə mötəbər yarışın 1/8 finalının ilk oyununda Madrid “Atletiko”sunu 1:0 hesab ilə məğlub etmiş, cavab oyununda isə eyni hesabla məğlub olaraq, oyunu ancaq penaltilər silsiləsində qazanmışdı – 4:2. Göründüyü kimi, “Real” “Arsenal”la cavab oyununda qol vura biləməsə, mütləq antirekorda imza atacaq.
Xatırladaq ki, Madrid “Real”ı UEFA Çempionlar Liqasının 1/4 finalının cavab oyunu çərçivəsində “Arsenal”ı aprelin 16-da doğma meydanda “qonaq” edəcək.


