Mahir Emreli: “Dinamo”da məni daha yaxşı günlər gözləyir”

Futbol üzrə Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Xorvatiya mətbuatına müsahibə verib.

Arena.az sizi həmin müsahibə ilə tanış edir:

  • Son mövsümün ikinci hissəsini “Konyaspor”da icarədə keçirdiniz. Türkiyə hekayənizi necə təsvir edərdiniz?
  • Ümumiyyətlə, ötən mövsüm mənim üçün ən çətinlərdən biri oldu. Əvvəla, bunu mənim statistikamdan görmək olar və biz bilirik ki, hücumçular üçün bu, ən vacib olmasa da, həmişə çox vacibdir. Təəssüf ki, “Dinamo”da oynamırdım və sadəcə, özüm üçün ən yaxşı variantı axtarırdım. Mənim üçün ən önəmlisi oynamaqdır. “Dinamo”ya ehtiyat oyunçular skamyasında kubok toplamağa yox, iz buraxmağa gəlmişəm. Türkiyəyə getmək variantı açıldı və o anda heç bir şübhəm qalmadı. Düşünürəm ki, bu, düzgün qərar idi. Təəssüf ki, orda da çətin dövr keçirdim, çünki hazırlığı başa vurmuş, ən yaxşı vəziyyətdə olmayan, çoxlu məğlubiyyətləri olan komandaya getmişdim. Üstəlik, yeni baş məşqçi gəlmişdi və komanda yoldaşlarıma, komandanın oyun tərzinə uyğunlaşmağa vaxtım yox idi. Mövsümün ikinci hissəsi bir qədər yaxşı keçdi, daha çox oynadım, amma əlbəttə ki, razı deyiləm. Ümid edirəm ki, bu, mənim üçün belə keçən son mövsümdür və indi “Dinamo”ya qayıtdığım üçün məni daha yaxşı günlər gözləyir.
  • Təklif alsanız, yenidən Türkiyəyə gedərdinizmi?
  • Ora getdiyim üçün peşman deyiləm. Əgər o vəziyyət bir daha təkrarlansa, düşünürəm ki, yenə edərdim. Həyatımda heç nəyə peşman deyiləm. Yaşadığım hər şey mənim üçün yeni bir təcrübədir. O an ora getməyin mənim üçün ən yaxşısı olduğunu hiss etdim. Ümumiyyətlə, “Dinamo”da oynasaydım və o vaxtkı məşqçi ilə daha yaxşı əməkdaşlıq etsəydim, əlbəttə ki, heç vaxt ayrılmazdım, amma düşdüyüm vəziyyəti nəzərə alaraq belə bir qərar verdim.

“Dinamo”da iz qoymaq istəyirəm”

  • İcarədə oynamaq asan deyil, eləmi? Çünki sizi klubda öz oyunçusu kimi görmürlər?
  • Bəli, elədir. Əvvəla, özünüzü kluba aid hiss etmirsiniz. Sən yenisən və çox vaxt klub sənə yüz faiz güvənmir, çünki sən onların oyunçusu deyilsən. Daha doğrusu, öz futbolçularını önə çəkir ki, bu da normaldır. Daha da çətin olan isə təbii ki, mənim hazırlığın artıq bitdiyi dövrdə komandaya qoşulmağım idi.
  • İndi yenidən “Dinamo”dasınız. Şans əldə edəcəyinizə ümid edirsiniz? Qalmağa qayıtmısınız, yoxsa yenidən icarəyə göndəriləcəksiniz? “Dinamo”nun oyunçusu olmaq üçün kifayət qədər yaxşı olduğunuza inanırsınızmı?
  • Bu klubun bir hissəsi olmaq imtiyazdır. Mən “Dinamo”nu kiçik yaşlarımdan tanıyıram və burada bir iz buraxmaq istəyirəm. Bu böyük klubun bir hissəsi olmağa layiq olduğumu göstərmək üçün çalışıram. Hiss edirəm ki, bunu ilk növbədə özümə, kluba və azarkeşlərə borcluyam. Bu yeni fürsətdən yeni məşqçi ilə istifadə edərək bura niyə gətirildiyimi göstərmək istəyirəm. Hazırlığa təzə qoşulduğum üçün baş məşqçi ilə çox danışmaq imkanım olmadı, amma bilirəm ki, o, “Dinamo”nun əfsanəsi olan və böyük karyerası olan keçmiş oyunçudur. Deyə bilərəm ki, məşqlər əla keçir. Əyləncəli, sərt, lakin biz topla çox işləyirik və bunu bəyənirəm. Məşqçinin dünyagörüşü xoşuma gəlir və görürsən ki, o, həqiqətən də futbolu başa düşür. O, biz oyunçularla necə ünsiyyət qurmağı bilir. Mövsüm bitəndən sonra milli komandada oynadım və cəmi beş gün istirahət etdim ki, mümkün qədər tez qayıdıb Bişçanın rəhbərliyi altında özümü sübut edim. Özümə inanıram və “Dinamo”da qalmaq istəyirəm. Təbii ki, klubu da nəsə maraqlandırır. İndi diqqətimi yalnız meydana cəmləyirəm. Bu, həm mənim, həm də “Dinamo” üçün ən yaxşı variantdır.
  • Başqa klubdan təklif almamısınız? Səni almaq istəyən klub varmı?
  • Mən bununla məşğul deyiləm. Ona görə biz oyunçuların bununla məşğul olan öz agentləri var. Arzum bəllidir və diqqətimi yalnız “Dinamo”ya yönəltmişəm. Mən yalnız futbol oynamağa həvəslənirəm.

“Türkiyə Super Liqası Xorvatiya çempionatından qat-qat güclüdür”

  • Bəs “Dinamo” ilə “Konyaspor” arasında nə fərq var? Sizcə, “Dinamo” Türkiyə Super Liqasında hansı yeri tutardı? Çempionluq uğrunda mübarizə apara bilərdimi?
  • İki komandanı belə müqayisə etmək çətindir. Mən həmişə dürüstəm və mənim üçün “Dinamo” həmişə daha yaxşı klub olaraq qalacaq. “Dinamo”nun keyfiyyəti və əldə etdiyi nəticələr heyranedicidir. İnanıram ki, “Dinamo” liqanın zirvəsi uğrunda mübarizə aparardı, amma Türkiyə Super Liqasının Xorvatiya çempionatından qat-qat güclü olduğunu da düşünürəm. Türkiyədə bir çox keyfiyyətli komanda var. Hər kəs hər kəsi məğlub edə bilər, bu, həqiqətən çətin liqadır. Xorvatiyada keyfiyyət ildən-ilə yüksəlir, amma yenə də “Dinamo”ya baxanda hər il ən zirvədədir, yəni birincidir, onun arxasında isə az-çox həmişə ilk dördlükdə eyni klublar olur. Türkiyə Super Liqasında mənim üçün əla olan odur ki, bütün komandalar hücumda oynayır, burada isə “Dinamo”ya qarşı rəqiblər az qala 10 futbolçu ilə müdafiə olunurlar. Bəzən bu bloku aşmaq həqiqətən çətindir.
  • UEFA Çempionlar Liqasının seçmə mərhələsində kimə rəqib olmağınızı istərdiniz – “Astana”, yoxsa Tiflis “Dinamo”su? Bu mövsüm Çempionlar Liqasında oynamağı düşünürsən?
  • Seçməli olsam, o zaman Tiflis “Dinamo”su, ona görə ki, evimə daha yaxındır. Zarafat bir yana, hər iki komanda həm hörmətə, həm də Çempionlar Liqasının seçmə mərhələsində hər mərhələyə layiqdir. Çətin rəqiblərdir. Artıq asan oyunlar yoxdur, biz yüz faiz köklənməliyik. Avropada mümkün qədər uzağa getmək üçün əlimizdən gələni etməliyik. Əsas məqsəd məhz Xorvatiya çempionu tituludur ki, Avropada oynamaq şansımız olsun. Məqsədin UEFA Çempionlar Liqasının qrupunda oynamaq olduğunu gizlətmirik. Təbii ki, bu, hər bir futbolçunun arzusudur, amma deməliyəm ki, Avropa Liqası da böyük yarışdır və hər hansı bir avrokubok yarışını təmin etsək, uğur olar. Biz özümüzə inanırıq, amma addım-addım gedirik. Rəqibləri təhlil edəcəyik, mövsümün startına mümkün qədər yaxşı hazırlaşmaq və azarkeşlərimizlə birlikdə yeni möhtəşəm qələbələr qazanmaq üçün hər şeyi edəcəyik. Biz oyunçular, eləcə də azarkeşlər üçün Maksimirdə UEFA Çempionlar Liqasının himnini dinləmək gözəl hiss olmalıdır.

Xatırladaq ki, Mahir Emreli ötən ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunduğu “Dinamo” ilə 4,5 illik müqavilə imzalamışdı. O, 2026-cı ilin 30 iyununa kimi Xrovatiya klubuna məxsusdur. Azərbaycanlı hücumçu bu komandada indiyə qədər 23 oyuna çıxıb, 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: