Mahir Emreli “Dinamo”dan ayrılır

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubundan ayrılmağa çox yaxındır.

Arena.az bu barədə Xorvatiya mətbuatına istinadən xəbər verir.

Belə ki, Zaqreb təmsilçisi yeni mövsümə hazırlıq üçün 27 yaşlı hücumçunu Avstriyadakı təlim-məşq toplanışına aparmayacaq.

Emreli ilə yanaşı, Moreno Jivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirakı gözlənilmir.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 47 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Mahirin Xorvatiya klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.

Bu ilin yanvar ayında ağır zədə almış millimizin futbolçusu ötən mövsümün yalnız son oyunlarından bir neçəsində forma geyinmək şansı qazanıb.

Azərbaycanlı futbolçu bu komanda ilə 3 dəfə Xorvatiya çempionu olub. Bundan əlavə, Mahir bir dəfə Xorvatiya Kubokunun, bir dəfə də Xorvatiya Super Kubokunun qalibi adını qazanıb.

Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.