Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 2024/2025-ci illər mövsümünün 28-ci turu çərçivəsində baş tutmuş “Hamburq”la matçın iştirakçısı olub.
Nürnberqlilər doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıblar – 0:3. 16-cı dəqiqədə azlıqda qalmış “Nürnberq” bu ağır zərbənin də təsiri ilə darmadağına üzülüb.
Mahir bu görüşün 57-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı hücumçu komandasını məğlubiyyətdən xilas edə bilməyib. Əvəzində o, 78-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Nürnberq” 28 oyuna topladığı 41 xalla hazırda 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 12 qələbə qazandığı halda 5 heç-heçə edib, 11 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını aprelin 12-də səfərdə “Kayzerslautern”ə qarşı keçirəcək.
Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 19 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 53 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


