Mahir Emreli “Nürnberq”də debüt etdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasında debüt matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun debütü Almaniyanın İkinci Bundesliqasının 6-cı turu çərçivəsində baş tutan “Herta” ilə ev oyununa təsadüf edib.

Nürnberqlilər doğma meydanda baş tutan bu oyunda 0:2 hesablı məğlubiyyətə üzülüblər. Mahir matçın 39-cu dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmış Benjamin Qollerin əvəzində, hesab 0:1 olarkən oyuna buraxılıb. Amma o, debüt matçında komandasına məhsuldar fəaliyyəti ilə kömək edə bilməyib. Əvəzində azərbaycanlı hücumçu 90+5-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

“Nürnberq” 6 oyuna topladığı 7 xalla hazırda 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 2 qələbə qazandığı halda 1 heç-heçə edib, 3 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını sentyabrın 29-da səfərdə “Hannover”ə qarşı keçirəcək.

Xatırladaq ki, azərbaycanlı hücumçu “Ulm” komandasına səfərdə 2:1 hesabı ilə qalib gəldikləri İkinci Bundesliqanın 5-ci turunun matçında iştirak ərizəsində yer alsa da, meydana buraxılmamışdı.

Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 46 oyunda 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: