Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Xorvatiya çempionatının 7-ci turu çərçivəsində “Osiyek”lə qarşılaşıb.
Səfərdə baş tutan bu oyun Zaqreb təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb – 3:2.
Mahir bu matça ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı futbolçu 30-cu dəqiqədə meydana buraxılıb. Komandasının ilk qolunu da 71-ci dəqiqədə məhz Emreli vurub. O, 0:2 hesabıyla məğlub durumda olan komandasını ümidləndirib. Zaqreblilər son dəqiqələrdə də ardıcıl iki penalti qazanmaqla yekun nəticəni müəyyənləşdiriblər.
Son Xorvatiya çempionu olan “Dinamo” 7 turdan sonra 10 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 31 matça çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.


