Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslautern”in heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 2-ci turu çərçivəsində baş tutmuş “Şalke” ilə matçın iştirakçısı olub.
Doğma meydanda baş tutmuş oyunda “Kayzerslautern” 1:0 hesablı qələbəyə sevinib. Mahir əsas heyətdə yer alıb. O, 52-ci dəqiqədə sarı vərəqə alıb. 72-ci dəqiqədə isə azərbaycanlı futbolçu əvəzlənib.
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir.
2 turdan sonra 3 xalı olan “Kayzerslautern” 10-cu pillədə qərarlaşıb.
Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 55 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


