İngiltərənin “Vulverhempton” klubunun mərkəz müdafiəçisi Maks Kilman bundan sonra “Vest Hem”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
“Vest Hem” 47,5 milyon avro qarşılığında 27 yaşlı futbolçunu heyətinə qatıb. Onunla 7 illik (2031-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Tam adı Maksimilian Vilyam Kilman olan mərkəz müdafiəçisi 2018-ci ildən “Vulverhempton”un uğurları üçün çalışırdı. O, bu klubun əsas komandasının heyətində 151 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Maks Kilman daha öncə “Maydenhid Yunayted” və “Marlou” kimi klublarda da forma geyinib.
Yeri gəlmişkən, “Vulverhempton” gənc hücumçusu Neytan Freyzerlə də yeni müqavilə imzalandığını bəyan edib. 19 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2028-ci ilin 30 iyununa qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək.
Neytan Freyzer “Vulverhempton”un öz yetirməsidir. O, İngiltərə klubunun əsas komandasında 11 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. İrlandiyalı futbolçu ölkəsinin U-19 yığmasının da formasını geyinir.


