Rusiyanın “Zenit” klubunun hücumçusu Malkom komandasının Avropa komandaları ilə ciddi rəqabət aparacaq gücdə olduğunu iddia edib.
Arena.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, o, Sankt-Peterburq təmsilçisinin hətta UEFA Çempionlar Liqasında müəyyən səs-küy yarada biləcəyi iddiası ilə gündəmə gəlib.
Braziliyalı hücumçunun bununla bağlı fikirlərinə diqqət yetirək:
“Belə oyunçu seçimi və göstərdiyimiz oyunla Çempionlar Liqasında yaxşı səs-küy qopara bilərdik. Komandanızın həqiqətən çox yaxşı oyun nümayiş etdirdiyini və Avropa komandaları ilə ciddi rəqabət apara biləcəyini, lakin bunun müqabilində avrokuboklarda oynamaq imkanının olmadığını başa düşmək çətindir. Ümidvaram ki, bu vəziyyət tezliklə həllini tapacaq və Rusiya klubları beynəlxalq yarışlara qayıdacaqlar”.
Xatırladaq ki, Rusiya klubları UEFA və FIFA tərəfindən qeyri-müəyyən müddətə diskvalifikasiya edildikdən sonra avrokuboklarda iştirak hüququndan məhrum ediliblər.