Sankt-Peterburq “Zenit”inin braziliyalı vingeri Malkomun “Əl-Hilal”a transferi Səudiyyə Ərəbistanı futbolu üçün mütləq rekord olacaq.
Arena.az bu barədə “Transfermarkt” internet-portalına istinadən məlumat verir.
“Zenit” braziliyalı ulduzunu 60 milyon avroya “Əl-Hilal”a satır. Öz növbəsində bu transfer həm də bütün Yaxın Şərq liqaları tarixində ən böyük məbləği müəyyən edəcək.
Müvafiq transferlə bağlı bütün əməliyyatlar tamamlanana qədər “Əl-Hilal”ın 55 milyon avroya aldığı portuqal dayaq yarımmüdafiəçisi Ruben Neves ən bahalı futbolçu olaraq qalacaq. Bu siyahıda növbəti transfer rekordu da “Əl-Hilal”a məxsusdur. “Liderlər”in 40 milyon avro müqabilində “Latsio”dan transfer etdiyi serb mərkəz yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç ilk üçlüyə daxildir.
Malkom həm də Rusiya Premyer Liqasının tarixində ən bahalı transfer olacaq.
Geridə qalmış 2022/2023 mövsümündə Malkom “Zenit”in heyətində 33 oyuna çıxıb, 26 qol vurub, 9 məhsuldar ötürmə verib. O, “zenitçilər”lə Rusiya Premyer Liqasını, Rusiya Super Kubokunu qazanıb. Malkom həmçinin 23 qolla Rusiya Premyer Liqasının ən sərrast futbolçusu olmaqla yanaşı, mövsümün ən yaxşı futbolçusu və ən yaxşı hücumçusu əsas fərdi mükafatlarına sahib olub.
Malkom 2023-cü ildə Braziliya millisində debüt edib, 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
“Transfermarkt” internet-portalı Malkomu 30 milyon avro məbləğində qiymətləndirir.


