Maluda Nkunkuya tövsiyə verdi

“Çelsi”nin fransalı keçmiş hücumçusu Floran Maluda “zadəganlar”ın 27 yaşlı mərkəz hücumçusu Kristofer Nkunkuya tövsiyə verib.

Arena.az Maludanın həmyerlisinə müvafiq tövsiyəsini təqdim edir:

“Arsenal” və ya Münhen “Bayern”i onun üçün uyğun yer olardı, amma mən onun “Çelsi”ni tərk etməli olduğunu da düşünmürəm. Şəxsən mənə, o, bir oyunçu və şəxsiyyət kimi xoş gəlir. Mən istərdim ki, o, heyətdə yer uğrunda mübarizəsini davam etdirsin”, deyə Maluda vurğulayıb.

Xatırladaq ki, Nkunku “Çelsi”yə 2023-cü ilin yayında Almaniyanın “Leypsiq” klubundan 60 milyon avroya transfer edilib. Fransa millisinin üzvü yeni klubuna keçdikdən sonra dizindən əməliyyat olunub, sağaldıqdan sonra ombasından xəsarət alıb. Bir sözlə, o, London klubunun heyətində möhkəmlənə bilməyib. Bu üzdən də onun “Çelsi”dən ayrılacağı haqda xəbərlər dolaşır.

Nkunku cari mövsümdə 42 qarşılaşmada iştirak edib və 14 qola imza atıb, 5 məhsuldar ötürmə müəllifi olub. Onun “Çelsi” ilə 2029-cu ilin 30 iyununa kimi müqaviləsi mövcuddur.

Fransanın PSJ klubunun yetirməsi olan Kristofer Nkunku 2019-cu ilin iyul ayından ötən ilin yayına kimi “Leypsiq”in formasını geyinib. O, Bundesliqa təmsilçisinin heyətində 172 oyuna çıxıb. Bu oyunlarda 70 qol vurmuş hücumçunun hesabında 56 məhsuldar ötürmə də var. Nkunkunun PSJ karyerası isə 78 oyun, 11 qol və 4 assistdən ibarətdir. Hücumçu Fransa milli komandasında keçirdiyi 10 oyunda qol vura bilməyib.

“Transfermarkt” internet-portalı 27 yaşlı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: