“Mançester Siti” “Mançester Yunayted”in əfsanəvi futbolçusu Bobbi Çarltona qarşı təhqiramiz şüarlar səsləndirmiş iki azarkeşi tapdıra bilib.
Arena.az “Manchester Evening News”a istinadən məlumat verir ki, biədəb əməl sahibi olan bu iki azarkeş “şəhərlilər”in oyunlarına gəlməkdən ömürlük məhrum ediliblər:
“Mançester Siti” ötən həftə sonu “Etihad”da “Brayton”la oyunda təhqiramiz şüarlar səsləndirmiş iki azyaşlı azarkeşin müəyyən edildiyini təsdiqləyə bilər. Sözügedən şəxslər bütün ev və səfər oyunlarından kənarlaşdırılıblar və onların təfərrüatı məsələni araşdıran Mançester polisinə ötürülüb. Davam edən təhqiqat başa çatdıqdan sonra Mançester polisi bu şəxslərə qarşı rəsmən sanksiyalar tətbiq edəcək” – klubun müvafiq məsələ ilə bağlı bəyanatında deyilir.
Xatırladaq ki, daha əvvəl “Mançester Siti”nin bir neçə azarkeşinin “Mançester Yunayted”in əfsanəsi Ser Bobbi Çarltonun ölümünü “Brayton”la oyunda (2:1) bayram etməsi haqda məlumat yayılmışdı.
“Mançester Yunayted”in və İngiltərə yığmasının əfsanəvi futbolçusu Ser Bobbi Çarlton oktyabrın 21-də 87 yaşında dünyasını dəyişib.
Ser Bobbi Çarlton İngiltərə tarixinin ən yaxşı futbolçularından biri hesab edilir. Çarlton İngiltərə yığması ilə 1966-cı il dünya çempionatının, 1968-ci ildə “Mançester Yunayted”lə Çempionlar Kubokunun qalibi olub. Həmçinin əfsanəvi ingilis futbolçu 1966-cı il mövsümü “Qızıl top” mükafatının qalibidir. Çarlton 1958-ci ildə “Mançester Yunayted” futbolçularının və məşqçi heyətinin ölümü ilə nəticələnmiş Münhen aviaqəzasından sağ çıxanlardan biri idi.


