“Barselona”nın Niderlanddan olan 26 yaşlı yarımmüdafiəçisi Frenki de Yonq “Mançester Siti”nin maraq dairəsinə düşüb.
Arena.az bu barədə “The Sun”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “Mançester Siti” De Yonqu əldə etmək üçün kataloniyalılara 104 milyon avro təklif etməyə hazırdır.
Vurğulayaq ki, daha əvvəl Frenki de Yonq müntəzəm olaraq arzusunun “Barselona”da oynamağa davam etmək olduğunu təsdiqləyib. Niderland millisinin üzvü Kataloniyada ona hər mənada rahat olduğunu bildirir. Holland yarımmüdafiəçinin “Barsa” ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. “Barselona”nın prezidenti Joan Laportanın sözlərinə görə, bir il əvvəl De Yonqu eyni məbləğə almağa çalışsalar da, “Barselona” bu təklifi rədd edib.
Buna rəğmən, bunlardan heç biri “Mançester Siti”ni dayandırmır. Məsələ belədir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola İlkay Gündoğanın “Barselona”ya getməsindən sonra yarımmüdafiə xəttini gücləndirməlidir və bu, təbii ki, yalnız Mateo Kovaçiçin imzalanması ilə bütün problemlərin həlli demək deyil.
Daha əvvəl “şəhərlilər”in maraq dairəsində olan Cud Bellingemin “Real”a keçməsi, Deklan Raysın “Arsenal”ı seçməsi ilə uğursuzluğa düçar olan “Siti”, cari vəziyyətdə daha da qərarlı olmalıdır.
Frenki de Yonq 2022/2023 mövsümndə “Barselona”nın heyətində 43 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Frenki de Yonqu 75 milyon avro məbləğində qiymətləndirir.


