“Mançester Yunayted” Antoni ilə bağlı bəyanat yaydı

“Mançester Yunayted” braziliyalı vingeri Antoninin ailədaxili zorakılıqda ittihamı ilə bağlı məsələyə dair bəyanat yayıb.

Arena.az bu barədə Mançester klubunun rəsmi saytına istinadən məlumat verir:

“Mançester Yunayted” Antoniyə qarşı irəli sürülən ittihamları nəzərə alıb və polisin araşdırma apardığını qeyd edir. Əlavə məlumat gözlədiyi üçün klub əlavə şərh verməyəcək. Biz bu məsələyə ciddi yanaşırıq və bu iddiaların və sonrakı hesabatların məişət zorakılığı yaşayanlara təsirini anlayırıq”, – klub mövqeyini açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Antoninin keçmiş sevgilisi Qabriela Kavallin “qırmızı şeytanlar”ın futbolçusunun ailədaxili zorakılığı barədə danışmışdı. Ardınca isə Antoni özü də bəyanat verərək saxta ittihamların qurbanı olduğunu bildirib.

Antoni müvafiq hadisə ilə əlaqədar Braziliya millisindən müvəqqəti olaraq kənarlaşdırılıb.

Müvafiq məsələlərə “Mançester Yunayted” rəhbərliyini sərt mövqeyi var. Daha əvvəl “qırmızı şeytanlar” zorlamada təqsirli bilinən futbolçusu Meyson Qrinvudun işi ilə bağlı daxili araşdırma aparmış və onunla yollarını ayıraraq hücumçunu “Xetafe”yə icarəyə göndərmişdilər.

Antoni “San-Paulu”nun yetirməsidir və 2018-2020-ci illərdə burada çıxış edərək “Ayaks”a transfer edilib. Braziliyalı vinger “Ayaks”la iki dəfə Niderland çempionatını (2020/2021, 2021/2022) və Niderland Kubokunu (2020/2021) qazanıb. Braziliyalı hücumçu 2022-ci ildə “Ayaks”dan “Mançester Yunayted”ə keçib. Geridə qalmış ötən mövsümdə o, “Mançester Yunayted”in heyətində 44 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə verib və komandası ilə İngiltərə Liqa Kubokunu qazanıb. Cari mövsümdə isə hücumçu “qırmızı şeytanlar”ın heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Antoninin Mançester klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvdədir.

Antoni 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Vinger Brazliya millisi ilə 2020 Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı Antonini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: