“Mançester Yunayted” də ərəblərə satılır

İngiltərənin ən titullu klublarından biri olan Premyer Liqa nəhəngi “Mançester Yunayted” Qətərdən olan bankirə satılacaq.

Arena.az xəbər verir ki, bu haqda “The Mirror” dərgisi Qətər kütləvi informasiya vasitələrinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, Mançester təmsilçisinin hazırkı sahibi Qleyzerlər ailəsi klubu Qətər şeyxi Casim bin Hamad bin Xəlifə Əl Taniyə satmağa qərar verib.

Məlumata görə, qətərli investorun bu klubu əldə etmək haqda ərizəsində göstərilmiş təklif və şərtlər ingilis iş adamı Ser Ceyms Artur Retkliff tərəfindən təqdim edilmiş şərtləri üstələyib. Beləliklə, “qırmızı şeytanlar”ın yeni sahibi məhz Casim bin Hamad Əl Tani olacaq. Sövdə haqda yaxın vaxtlarda məlumat veriləcəyi bildirilir.

Xatırladaq ki, 2022/2023 mövsümündə “Mançester Yunayted” İngiltərə Premyer Liqasının “bürünc”ünü əldə edib. Komanda ölkə kubokunun finalında isə həmşəhərlisi “Mançester Siti”yə məğlub olaraq “gümüş”lə kifayətlənib. Erik ten Haqın rəhbərlik etdiyi kollekti növbəti mövsümdə UEFA Çempionlar Liqasında çıxışını da təmin edib.

Mançester nəhəngini 2005-ci ildən bəri Qleyzerlər idarə edirlər. Amma son illərdə komandanın titullar qazana bilməməsi “qırmızı şeytanlar”ın azarkeşlərinin səbr kasasını daşırıb. Onlar tez-tez klubun indiki sahiblərinin əleyhinə etirazlarını bildirirlər. Qleyzerlər ailəsinin klubu satışa çıxarması da məhz bundan qaynaqlanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: