İngiltərə nəhəngi “Mançester Yunayted” klubun yenidən qurulması istiqamətində klubdaxili islahatlarını həyata keçirməkdə davam edir.
Arena.az İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir ki, klub 150-200 nəfər aralığında işçisini ixtisara salaraq, işdən azad edib.
Bildirilir ki, müvafiq ixtisarların səbəbi klubun maliyyə tarzlığına nail olması üçündür. Bu ixtisarların qaçılmaz tədbir olduğu da vurğulanır.
Bu mənzərədə “The Telegraph” nəşrinin jurnalisti Lyuk Edvards “qırmızı şeytanlar”ın düşərgəsindən əldə etdiyi məlumat sızıntısını paylaşıraq bildirib ki, MY klubun skautlar heyətini də ixtisara sala bilər. Həmçinin klubun bütün dünya üzrə ofislərini bağlaya biləcəyi də vurğulanır. “Qırmızı şeytanlar”ın London filialının, həmçinin dünya üzrə ən böyük filiallarından biri olan Honkonq filialının bağlana biləcəyi haqda da məlumat sızıb.
Əlavə edək ki, “Mançester Yunayted” tarixən ən bərbad dövrünün yaşayır. İngiltərə nəhənginin, futbol dünyasında çəkisi xeyli düşüb. İngiltərə Premyer Liqasının 26 turundan sonra 30 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıblar. Mövsüm irəlilədikcə, Mançester təmsilçisinin ölkə çempionatı üzərindən növbəti mövsümün avrokubok yarışlarına vəsiqə qazanmaq imkanı da əriyir.