“Mançester Yunayted” “Old Trafford”un ot örtüyünü satır

“Mançester Yunayted” klubunun rəhbərliyi “Old Trafford” stadionunun ot örtüyündən hazırlanmış xüsusi suvenirləri satışa çıxarıb.

Arena.az xəbər verir ki, klubun rəsmi saytının məlumatına görə, “Old Trafford”un əfsanəvi meydanından götürülmüş ot örtüyünün hissələri şüşə kub formasında hazırlanaraq satışa təqdim olunub.

Bir suvenirin qiyməti 125 funt sterlinq, təxminən 145 avrodur.

Bu ideya stadionda aparılan genişmiqyaslı yenilənmə işləri çərçivəsində ortaya çıxıb. Klub iyun ayında son 14 ildə ilk dəfə “Arzular teatrı”nın meydançasını tamamilə sökərək təməlinə qədər yeniləmək qərarına gəlib.

Tarixi ot örtüyünün ən keyfiyyətli hissələri torpağın orijinal qatı ilə birlikdə qorunub, konservasiya edilib və kolleksiya üçün nəzərdə tutulan suvenirlərə çevrilib.

“Qırmızı şeytanlar”ın marketinq xidməti məhsula marağı artırmaq üçün şüşə kub suvenirlərinin satışına ilk çıxışı yalnız mövsümi abonement sahiblərinə təqdim edib.

Qeyd edək ki, “Mançester Yunayted”in maliyyə vəziyyəti ilə bağlı son dövrlərdə Britaniya mediasında müxtəlif məlumatlar yayılıb. Həmin məlumatlara əsasən, klubun ümumi borcu təxminən 1,6 milyard funt sterlinqə, yəni 1,856 milyard avroya çatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: