İngiltərənin “Mançester Yunayted” klubu dünya futbolunda rekord olacaq yeni sponsor müqaviləsi bağlamağa hazırlaşır.
Arena.az “The Telegraph”a istinadən məlumat verir ki, İngiltərə futbolunun nəhəngi yarımkeçiricilər, proqram təminatı, simsiz texnologiyalar üzrə xidmətlər və həmçinin SoC (kristal üzrəində sistem) texnologiyaları üzrə ixtisaslaşmış amerikan transmilli şirkəti “Qualcomm”la iş birliyi qurub.
Belə ki, mobil prosessor istehsalçısı “Qualcomm” “Mançester Yunayted”in baş sponsoru olacaq. 2024/2025 mövsümündən etibarən “qırmızı şeytanlar”ın formasının ön hissəsində prosessor və qrafik nüvələri, rabitə modullarını və digər elementləri özündə birləşdirən kristal üzərində sistem – “Snapdragon” loqosu təsvir ediləcək.
Mənbənin məlumatına görə, sponsorluq müqaviləsi İngiltərə klubuna ildə 65 milyon funt-sterlinq qazandıracaq ki, bu da dünya futbolunda rekorddur. Əvvəllər “Real”ın Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” hava yolları ilə razılaşması ən bahalı (60 milyon funt-sterlinq) sponsorluq müqaviləsi hesab edilirdi.
Ancaq “qırmızı şeytanlar”la “Qualcomm” arasında müqavilənin müddəti haqqında məlumat verilməyib. Britaniya mətbuatı tərəflərin 3 illik anlaşdığını iddia edir.


