“Mançester Yunayted” tarixi antirekorda imza atdı

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında bir mövsüm ərzində məğlubiyyətlərin sayına görə antirekorda imza atıb.

Arena.az xəbər verir ki, bazar günü, aprelin 20-də Mançester təmsilçisi İngiltərə çempionatının 33-cü turu çərçivəsində doğma meydanda qarşılaşdığı “Vulverhempton”a 0:1 hesabı ilə məğlub olub.

Bu, “qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasının cari mövsümündə 15-ci məğlubiyyətidir. Komanda indiyə qədər heç vaxt bu qədər uduzmamışdı.

Ruben Amorimin komandası hazırda 33 turdan sonra 38 xala malikdir və klubun Premyer Liqa tarixində ən az xalla mövsümü başa vuracağına zəmanət verilir. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 14-cü yeri tutur. “Mançester Yunayted”in əvvəlki antirekordu 58 xal idi.