“Mançester Yunayted”in baş məşqçisi ilə bağlı qərarı bəlli oldu

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq, hazırkı zəif nəticələrə baxmayaraq, yaxın vaxtlarda tutduğu vəzifədən atılmayacaq.

Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın rəhbərliyi holland mütəxəssisə etimad edir. Mançester klubu onun uzunmüddətli perspektivdə komandanı yeni səviyyəyə qaldırmağa qadir olduğuna inanır. Ten Haqin klubdakı mövqeyi sarsılmaz hesab edilir.

“Mançester Yunayted”in çalışdırıcısının heç nəyə baxmayaraq çoxlu sayda zədədən şikayət etməməsinə rəğmən, klub rəhbərliyi hesab edir ki, hazırda bu məsələdə məşqçi və komandanın sadəcə bəxti gətirməyib. Çünki bu müddətdə 12 futbolçu eyni vaxtda sıradan çıxıb.

Xatırladaq ki, oktyabrın 3-də “qırmızı şeytanlar” Çempionlar Liqasının A qrupunun 2-ci turu çərçivəsində “Qalatasaray”ı qəbul ediblər və 2:3 hesabı ilə məğlub olublar.

Buna qədər “Mançester Yunayted” Premyer Liqa çərçivəsində üç London təmsilçisindən – “Tottenhem” (0:2), “Arsenal” (1:3) və “Kristal Pelas”dan (0:1) acı yeyib və “Brayton”a (1:3) yenilib. Çempionlar Liqasının açılış turunda isə “Bayern” “qırmızı şeytanlar”ı prinsipial oyunda 4:3 hesabı ilə məğlub edərək, Münhendən peşman yola salıb.

Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə “qırmızı şeytanlar” Premyer Liqanı 3-cü pillədə bitiriblər, həmçinin İngiltərə Liqa Kubokunun qalibi olublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: