Manuel Noyer gələcəyi ilə bağlı sualı cavabladı

Futbol üzrə Almaniya yığma komandasının və “Bayern”in qapıçısı Manuel Noyer gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az alman qapıçının bu barədə cavabını təqdim edir:

“Heç vaxt heç vaxt demə, amma Səudiyyə Ərəbistanına və ya Qətərə köçməzdim. Bu baxımdan, MLS bir seçimdir. Bu barədə orada çıxış edən Bastian Şvaynştaygerlə danışmışam. Ancaq bunu diqqətlə düşünmək gərəkdir. Qismən ona görə ki, onlar süni örtüklü meydanda çox oynayırlar və bu, qapıçı üçün mükəmməl deyil”, deyə Noyer vurğulayıb.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubunun düşərgəsinə 30 milyon avro müqabilində elə, “Şalke”dən keçib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Noyer “Bayern”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 43 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib. Noyerin “Bayern”in heyətində çıxışının ümümi mənzərəsi isə 521 oyun, 427 buraxılmış qol və 244 “quru” oyundan ibarətdir.

Manuel Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində isə 124 oyun keçirib, 118 qol “yeyib”, 51 oyundan “quru” qurtulub.

Manuel Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 38 yaşlı qolkiperin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: