Mark-Andre ter Ştegen 8 ay oynamayacaq?

Futbol üzrə Almaniya yığmasının və İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, təcrübəli qolkiper “Barselona”nın İspaniya La Liqasının 6-cı turu çərçivəsində “Vilyarreal”ı 5:1 hesabı ilə məğlub etdiyi səfər oyununda ağır zədələnib.

O, meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb. Alman qapıçı dizindən aldığı zədədən sonra ilk tibbi müayinədən də keçib. İlk görüntülərdə Ter Ştegenin sağ dizaltı nahiyəsində vətər yırtığının olduğu görünür. MRT müayinəsi də bunu təsdiqləsə, alman qapıçı səkkiz ay yaşıl meydanlardan kənarda qala bilər.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ter Ştegen “blauqrana” üçün 7 oyun keçirib, 7 qol buraxıb, 1 oyunda “çərçivəsini” qoldan qoruya bilib.

Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 420 oyuna çıxıb, 412 qol “yeyib” və 175 oyundan “quru” qurtulub.

Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 42 oyuna 50 qol buraxıb, 12 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı alman qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın