Mark Bartra yenidən “Betis”də!

Türkiyənin “Trabzonspor” klubundan ayrılan ispaniyalı müdafiəçi Mark Bartra bundan sonra yenidən “Betis”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı köhnə-yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, “Trabzonspor” Mark Bartranı ötən mövsümün əvvəlində İspaniyanın “Betis” klubundan 1,25 milyon avro qarşılığında transfer etmişdi. Həmin vaxt futbolçu ilə 3 illik müqavilə imzalanmışdı. Bartra Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 40 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Lakin bir müddət öncə o, Super Liqa təmsilçisindən azad agent kimi ayrılaraq vətəninə qayıtmışdı.

Mark Bartra “Barselona”nın yetirməsidir. O, 2010-2016-cı illər aralığında bu klubun əsas komandasında çıxış edib. 2016-cı ildə isə müdafiəçi Almaniyanın “Borussiya” (Dortmund) klubuna keçib. Almaniyada cəmi 2 mövsüm keçirən futbolçu 2018-ci ilin yanvarından “Betis”də çıxış edirdi. O, bu komandanın heyətində 5 mövsüm ərzində 146 matça çıxıb, 7 qol vurub. Mərkəz müdafiəçisi İspaniya millisində də 14 oyun keçirib, 1 qola imza atıb.

“Betis” iki futbolçusu ilə də yollarını ayırıb. Hücumçu Loren Moron La Liqa təmsilçisindən azad agent kimi ayrılaraq Yunanıstanın “Aris” klubuna keçib. 29 yaşlı ispan futbolçu yeni klubu ilə 2 illik sözləşməyə imza atıb. O, 2015-ci ildən formasını geyindiyi “Betis”də 131 oyuna çıxıb, 29 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub. Hücumçu “Espanyol” və “Las Palmas”ın da uğurları üçün çalışıb.

Hücumameyilli yarımmüdafiəçi Serxio Kanales isə Meksikanın “Monterrey” klubuna satılıb. La Liqa təmsilçisi bu keçiddən 10 milyon avro qazanıb. 32 yaşlı futbolçu yeni klubu ilə 3 illik sözləşməyə imza atıb.

Kanales 2018-ci ildən formasını geyindiyi “Betis”də 207 oyuna çıxıb, 39 qol vurub, 30 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu “Real Sosyedad”, “Valensiya”, “Rasinq”, “Real” kimi klublarda da forma geyinib. O, İspaniya millisində də 11 oyun keçirib, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: