Markus Gisdol “Kayserispor”dan qovuldu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor”un almaniyalı baş məşqçisi Markus Gisdol istefaya göndərilib.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Klub prezidenti Nurettin Açıkalın yerli mətbuata açıqlamasında Gisdol ile vidalaşdıqlarını bəyan edib. O, qısa zaman içində komandaya yeni baş məşqçi təyin edəcəklərini də vurğulayıb.

Markus Gisdol bu ilin yayında “Kayserispor”un baş məşqçisi təyin edilmişdi. 56 yaşlı mütəxəssis bu komandanı cəmi 8 oyuna çıxarıb və qələbə üzünə həsrət qalıb. Kayseri təmsilçisi Gisdolun rəhbərliyi altında cəmi 3 heç-heçə edib, 5 məğlubiyyət görüb.

Almaniyalı mütəxəssis Türkiyədə daha öncə “Samsunspor”a da rəhbərlik edib. O, “Lokomotiv” (Moskva), “Köln”, “Hamburq”, “Hoffenhaym”, “Ulm”, “Sonnenhof” kimi komandalarda da baş məşqçi kimi çalışıb.

Sonda onu da vurğulayaq ki, Markus Gisdol bu mövsüm Türkiyə Süper Liqasında istefaya göndərilmiş 6-cı mütəxəssisdir. Ondan öncə İsmet Taşdemir, Ole Qunnar Sulşer, Joze Mourinyo, Çağdaş Atan və Selçuk Şahin də istefaya göndərilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: