Futbol üzrə İngiltərə millisinin hücumçusu Markus Raşford “Mançester Yunayted”lə müqaviləsini yeniləməyə yaxındır.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, Raşford “qırmızı şeytanlar”ın təklifi ilə razılaşmağa hazırdır. Müqavilənin şərtləri və digər təfərrüat açıqlanmasa da, danışıqların yekun mərhələyə qədəm qoyduğu, tərəflərin razılığa gəlməyə yaxın olduğu deyilir.
25 yaşlı Markus “Mançester Yunayted” akademiyasının yetirməsidir və 2016-cı ildən əsas komandada çıxış edir.
2022/2023 mövsümündə Markus Raşford “Mançester Yunayted”in heyətində 56 oyuna çıxıb, 30 qol vurub, 11 məhsuldar ötürmə ilə fərqlənib.
“Qırmızı şeytanlar”la Raşford İngiltərə Kubokunu, Liqa Kubokunu, İngiltərə Super Kubokunu və Avropa Liqasını qazanıb. O, bu komandanın heyətində bütövlükdə 359 oyuna çıxıb, 123 qol və 68 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı Markus Raşfordu 80 milyon avro məbləğində qiymətləndirir.


