“Kəpəz”in futbolçusu Martins Junior Premyer Liqanın 27-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlama verib.
Arena.az xəbər verir ki, braziliyalı vinger əvvəlcə 1:2 hesabıyla uduzduqları oyun haqda təəssüratlarını bölüşüb:
“Bu gün elə də yaxşı oyun göstərə bilmədik. Çətin oyun idi. “Zirə” yaxşı komandadır. Zəif oynasaq da, biz daha yaxşı oyun göstərə bilərik və buna çalışırıq. Bizim indi fasiləmiz var. Məşqləri davam etdirəcəyik və fikrimizi “Qarabağ”la oyuna yönəldəcəyik”.
24 yaşlı futbolçu yarımmüdafiəçi “Zirə”yə qarşı oyunundan tam razı qalmadığını qeyd edib: “Düşünürəm, bu gün elə də yaxşı oyun nümayiş etmədim. “Qarabağ”la oyuna daha yaxşı hazırlaşmaq lazımdır”.
Martins Junior gələn oyuna daha da ciddi hazırlaşacaqlarını bildirib: “Qarabağ” çətin rəqibdir. Bilirəm ki, “Qarabağ” daha da güclənib. Ancaq gələn oyun əlimizdən gələni edəcəyik və meydana mübarizə aparmaq üçün çıxacağam”.
Nahid Ustaclı


