Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın şərəfini qoruyan Mateuş Koxalski Polşa milli komandasına dəvət alması haqda danışıb.
Arena.az xəbər verir ki, “Kanal Sportowy” portalına açıqlama verən Koxalski milliyə dəvət edilməsi haqda bunları deyib:
“Düzünü desəm, bunu gözləmirdim. Məşqçi Anjey Davidyuk mənə zəng etdi. Mən çox xoş təəccüb içində idim. Şokdayam. Debüt etmək imkanım olsa, şad olardım. Amma təbii ki, bunun nə qədər çətin olacağını bilirəm. Ümid edirəm ki, məşqdə sadəcə qapıçı olmayacağam, amma belə olsa da, buna etiraz etməzdim”.
Xatırladaq ki, Polşa millisinin çalışdırıcısı Mixal Probeja qarşıdakı oyunlar üçün seçdiyi futbolçularına siyahısına “Qarabağ”ın qapıçısını da daxil edib. Polşa yığması gələn ay Moldova millisi ilə yoxlama oyunu (6 iyun) keçirəcək. Bu komandanı həm də iyunun 10-da 2026-cı ildə keçiriləcək dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Finlandiya ilə qarşılaşma gözləyir.
Mateuş Koxalski 2024-cü ilin avqust ayından “Qarabağ”da çıxış edir. Azərbaycan çempionu polşalı qolkiperi “Stal” (Mielets) klubundan 900 min avroya transfer edib. Koxalski Ağdam klubunun heyətində 27 oyuna çıxıb, 24 qol buraxıb, 13 matçda qapısını toxunulmaz saxlayıb.
Polşalı qapıçı daha öncə “Legionoviya Legionovo”, “Radomyak” (Radom) və “Legiya” (Varşava) kimi klublarda da forma geyinib.
Mateuş Koxalski 2024-cü ilin iyununda Polşanın əsas millisinin AÇ-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, buna qədər U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.


