Polşanın “Stal” klubunun qapıçısı Mateuş Koxalski bundan sonra Azərbaycan çempionu “Qarabağ”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qarabağ” növbəti transferini reallaşdırıb. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal”la (Mielets) Mateuş Koxalskinin transferinə dair razılıq əldə olunub. 24 yaşlı polşalı qolkiperlə 3+1 illik müqavilə imzalanıb.
“Transfermarkt” internet portalının məlumatına görə, “Qarabağ” bu transfer üçün Polşa klubuna 900 min avro ödəyib.
Koxalski 2022-ci ilin yayından “Stal”ın şərəfini qoruyurdu. O, sözügedən komandanın heyətində meydana çıxdığı 38 oyunda 52 qol buraxıb, 9 quru matç keçirib. Koxalski Mielets təmsilçisinin heyətində ötən mövsüm Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.
Polşalı qapıçı “Stal”dan öncə “Legionoviya Legionovo”, “Radomyak” (Radom) və “Legiya” (Varşava) kimi klublarda da forma geyinib.
Qeyd edək ki, “Qarabağ”ın yeni qapıçısı bu ilin iyununda Polşanın əsas millisinin AÇ-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, buna qədər U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.
“Qarabağ” Koxalskidən öncə bu yay Fabiyan Buntiç (“Vizela”, Portuqaliya), Musa Qurbanlı (“Yurqorden”, İsveç) və Şahruddin Məhəmmədəliyevi (“Adana Dəmirspor”, Türkiyə) də heyətinə qatmışdı.
Bəhlul Mustafazadə, Nəriman Axundzadə, Riçard Almeyda, Abdullah Zubirlə də yeni müqavilə imzalanıb.
Adama Diakabi, Maksim Medvedev, Andrey Lunyov, Nihad Quliyev və Luka Quqeşaşvili isə Ağdam klubunu tərk ediblər. Rüstəm Əhmədzadə ilə İsmayıl İbrahimli də yenidən “Zirə”yə icarəyə veriliblər.


