Dortmund “Borussiya”sının 35 yaşlı alman mərkəz müdafiəçisi Mats Hummels klubu ilə müqaviləsi başa çatdıqdan sonra gələcəyi haqda danışıb.
Arena.az alman futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Üç seçimim var: “Borussiya”da qalmaq, futbolçu karyeramı bitirmək və ya yeni klub tapmaq. İndi futbolu tərk etmək istəmirəm. Bu, ən az ehtimal edilən seçimdir. MLS mənim üçün söz mövzusu deyil. Harasa köçsəm, yəqin ki, Avropada qalacağam”, deyə Hummels vurğulayıb.
Xatırladaq ki, Mats Hummels “Bayern”in yetirməsidir. Alman müdafiəçi 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də üç il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə, Hummels yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib. Hummelsin Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyun sonuna qədər qüvvədədir.
Hummels cari mövsümdə “Borussiya”nın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Ümumilikdə, Hummels Dortmund klubunun heyətində 507 oyuna 38 qol, 23 məhsuldar ötürmə ilə fərqlənib.
Mats Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyun keçirib, 5 qol vurb, 7 məhsuldar ötürmə verib. Mats DÇ-2014-ün qalibidir.
“Transfermarkt” internet-portalı 35 yaşlı veteran müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


