Belçikanın “Genk” klubunun gənc qapıçısı Mayk Penders İngiltərə Premyer Liqası nəhənglərindən “Çelsi”yə transfer olunub.
Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
“Çelsi” Pendersin keçidi üçün Belçika klubuna 20 milyon avro ödəyib. 19 yaşlı qolkiperlə 8 illik (2032-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Amma Penders “Çelsi”yə 2025-ci ilin yayında qoşulacaq. Belə ki, “Çelsi” onun 2024/2025 mövsümünün sonunadək icarə əsasında “Genk”də çıxış etməsinə qərar verib.
Mayk Penders “Genk”in yetirməsidir. Belçikalı qolkiper bu klubun əsas komandasında 2 oyun keçirib, 3 qol buraxıb, 1 matçda qapısını toxunulmaz saxlayıb.
Belçikanın U-17 və U-18 yığmalarında da oynamış Penders, 2023-cü ildən U-19-da çıxış edir.
“Çelsi” hücumameyilli yarımmüdafiəçisi Leo Kasldaynı da “Şrusberi Taun”a icarəyə verib. 19 yaşlı ingilis futbolçunun mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.
Leo Kasldayn 2020-ci ildən “Çelsi”nin akademiyasındadır. O, “zadəganlar”ın əsas komandasında da 1 oyun keçirib. Kasldayn İngiltərənin U-15, U-16, U-17, U-18 və U-19 yığmalarında da oynayıb.


