Argentina yığmasının hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay yığmasına məğlubiyyəti şərh edib.
Arena.az Argentina yığmasının mətbuat xidmətinə istinadən Messinin bu barədə fikirlərini təqdim edir:
“Biz hansı komanda ilə qarşılaşdığımızı bilirdik, oynamaq bizim üçün çətin idi. İntensiv oynayırlar, fiziki cəhətdən güclü və sürətli oyunçuları var. Özümüzü rahat hiss etmirdik. Biz ayağa qalxıb Braziliyada yaxşı futbol oynamalıyıq”, deyə Messi bildirib.
Xatırladaq ki, cari dünya çempionu Argentina yığması Uruqvay kollektivini 2026-cı il dünya çempionatının CONMEBOL zonası üzrə seçmə mərhələsinin 5-ci turu çərçivəsində Buenos-Ayresdəki “Bombonera” stadionunda qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
5 turdan sonra CONMEBOL zonasının turnir cədvəlinə məğlubiyyətinə rəğmən, 12 xalla Argentina yığması başçılıq edir. Uruqvay 10 xalla 2-ci pillədə qərarlaşıb.
Cari dünya çempionlarının növbəti rəqibi 6-cı tur çərçivəsində beşqat dünya çempionu Braziliya millisi olacaq. Əzəli rəqiblər noyabrın 22-də Braziliyada, məşhur “Marakana” stadionunda üz-üzə gələcəklər.


