Migel Krespo “Fənərbaxça”nı “Başakşəhər”ə dəyişdi

Türkiyənin “Fənərbaxça” klubunun portuqaliyalı mərkəz yarımmüdafiəçisi Migel Krespo Super Liqa təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi bundan sonra İstanbulun Super Liqadakı digər təmsilçisi “Başakşəhər”in uğurları üçün çalışacaq. Artıq portuqaliyalı oyunçunun yeni klubu onun keçidini rəsmi saytı vasitəsilə açıqlayıb. 27 yaşlı futbolçu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Transferin maddi detalları açıqlanmayıb.

Xatırladaq ki, Migel Krespo peşəkar karyerasına “Neves”də başlayıb. “Merelinense”, “Braqa” (B), “Eştoril” kimi klublarda da forma geyinmiş yarımmüdafiəçi “Fənərbaxça”ya 2021-ci ilin sentyabrında 1,5 milyon avro müqabilində keçmişdi. O, İstanbul klubunun heyətində meydana çıxdığı 80 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Krespo 2023/2024 mövsümünün ikinci dövrəsini icarə əsasında İspaniyanın “Rayo Valyekano” klubunda keçirib. O, sözügedən komandanın heyətində 15 oyuna çıxsa da, məhsuldarlıq nümayiş etdirə bilməyib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: