Portuqaliya yığmasının tarixindən bəhs edən kitabın müəllifi, portuqal jurnalist Migel Lurensu Pereyra, Kristiano Ronaldodan danışıb.
Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, Pereyra 39 yaşlı ulduz hücumçunun Portuqaliya yığmasının heyətindən niyə kənarlaşdırılmadığı haqda şərh verib:
“Portuqaliya yığmasında Kristiano ilə bağlı məsələ çox mürəkkəbdir. O, tarixi şəxsiyyət və mütləq rəmzdir, gənc nəsillər isə onun nümunəsi ilə böyüyüblər. Portuqaliyada, Portuqaliya yığmasının beynəlxalq yarışlarda Ronaldosuz nə demək olduğunu anlamadığı üçün, bunu təsəvvür edə bilməyən çox adam var. Bu, təkcə azarkeşlər arasında deyil, həm də oyunçular arasında böyük sədaqət yaradır. Çünki onu müşayiət edənlərin çoxu üçün o, onların kumiridir”, deyə Migel Pereyra Ronaldo müəmmasına aydınlıq gətirib.
Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 211 oyun keçirib, 130 qol vurub və 47 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


