Mikel Arteta: “Arsenal”ın vahid kimliyi, birliyi, enerjisi var”

İngiltərənin “Arsenal” komandasının baş məşqçisi Mikel Arteta çalışdırdığı kollektivi necə dirçəltməsi haqda danışıb.

Arena.az “Marca”ya istinadən ispan mütəxəssin bu xüsusda fikirlərini diqqətinizə çatdırır.

“Topçular”ı 2019-cu ilin dekabrından çalışdıran Mikel Arteta London təmsilçisinin qələbə ruhunu bərpa etdiyini düşünür:

“Bu, üç il öncə başlayıb. “Mançester Siti”də Xosep Qvardiolanın köməkçisi idim, “Arsenal”a qarşı oynayırdıq və gördüm ki, klubun ruhu itib. (Çox güman, Arteta 2019-cu il dekabrın 15-də keçirilmiş “Arsenal” – “Mançester Siti” oyununu (0:3) nəzərdə tutur – red.). Bu, xoşagəlməz idi. Mən bilirdim ki, bundan az sonra başqa ehtiyat oyunçular skamyasında olmaq imkanım olacaq və bu klub o qədər böyükdür ki, komandanı və azarkeşləri birləşdirmək gərəkdir. Bunun üçün nəsə edib qırıb-dağıtmağa dəyərdi… və indi özümü xoşbəxt hiss edirəm. Bizim vahid kimliyimiz var, birliyimiz var, enerjimiz var. Bu, ən vacib olanıdır. Yuxarıdan aşağıya hamı eyni istiqamətdə hərəkət edir. Biz azarkeşlərə xəyal edə biləcəkləri və fəxr edə biləcəkləri bir şey veririk. İndi isə daha çox qələbə qazanmalıyıq”.

Xatırladaq ki, ötən mövsüm Artetanın çalışdırdığı “Arsenal” İngiltərə Premyer Liqasında uğurlu stardan sonra bir neçə oyunda büdrəyib mövqeyini çempion “Mançester Siti”yə uduzaraq “gümüş”lə kifayətlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: